RİÇARD ARMİTAC: HEYDƏR ƏLİYEV REGİONUN ƏN UZAQGÖRƏN ŞƏXSİYYƏTİDİR
Sizinlə görüşlərimiz və əməkdaşlığımız haqqında o qədər xatirələrim var ki. Ən birinci xatirəm isə, Sizinlə Azərbaycan yenicə müstəqilliyə çıxdıqdan dərhal sonra baş verən görüşümlə bağlıdır. Siz o zaman Naxçıvanda idiniz və yerli əhaliyə yardımın gətirilməsini təşkil edirdiniz. Mən ilk dəfə orada Sizinlə tanış oldum və birgə işlədim. Sizə elə o vaxdan ürəkdən bağlandım, çünki mənə atamı xatırlatdınız. Ümid edirəm, bu həqiqəti söylədiyimə görə məndən inciməyəcəksiniz, doğrudan da ona bir qədər oxşayırsınız.
Bu görüşdən sonra Sizinlə dəfələrlə həm mülki şəxs kimi, həm də hakimiyyətdə olarkən birgə işlədim, Sizi Bakıda ziyarət etdim. Daha bir xatirəm ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri olduğum müddətlə bağlıdır. Siz, Vaşinqtonda səfərdə olarkən, mənə Sizi ABŞ-ın görkəmli şəxslərinə təqdim etmək şərəfi nəsib olmuşdu. Bunu xüsusi rəğbətlə edirdim. Sizi həmçinin sabiq müdafiə naziri Kasper Uaynberqerə təqdim etdim. Xatırlayıram, Siz cənab Uaynberqerə baxıb dediniz: “Sizi televiziya ilə o qədər düşmən qismində görməyə öyrəşmişəm ki. Şəxsən tanış olmağımdan məmnunam”. Bu, mənim üçün unudulmaz hiss idi, çünki Kasper Uaynberqer mənim keçmiş müdirim və müəllimim olmuşdur.
Son zamanlar Sizinlə yenidən, bu dəfə mən hakimiyyətdə olarkən, müxtəlif məsələlər üzrə birgə əlaqələr qurmuşuq. Şərq-Qərb enerji dəhlizi layihəsində Sizin rəhbərliyiniz Bakı-Tbilisi-Ceyhan kəmərini mümkün etmişdir. Həmçinin, Sizinlə birgə mübarizə apararaq, Dağlıq Qarabağ probleminə sülh yolu ilə nizamlama tapmaq mənim üçün maraqlı idi.
Sizinlə görüşlərimizin birində mən demişdim: “Öz azadlığını, müstəqilliyini qorumaq yolu, demokratiya, azadlıq yolu ilə irəliləyərkən Azərbaycan çox böyük çətinliklərlə qarşılaşıb və bundan sonra da qarşılaşacaqdır. Lakin biz qəti əminik ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında qətiyyətini bundan sonra da göstərərək, öz dövlət müstəqilliyini daha da möhkəmləndirəcəkdir”. Ötən illərdə biz bunun şahidi olmuşuq.
Mən müşahidə etmişəm və həqiqətən belədir ki, Azərbaycanın çox uzaqgörən prezidenti vardır. Siz həmişə demokratiya, tərəqqi, iqtisadi irəliləyiş haqqında düşünür, həmişə düzgün hərəkət edirsiniz. Belə adamlar həmişə işləri yaxşı nəticəyə gətirib çatdırırlar.
ABŞ-da Sizin dostlarınız çoxdur və onlar dəfələrlə ölkənizə səfər etmiş, bu regionun ən uzaqgörən şəxsi ilə görüşmüşlər.
Bütün Birləşmiş Ştatlar hökuməti Sizin rəhbərliyiniz altında Azərbaycanın həm Əfqanıstanda, həm də İraqda əməliyyatlar zamanı koalisiyaya möhkəm dəstəyinə görə təşəkkürünü bildirir. Bunlar əsl dostluğun ölçüləridir. Amerkalılar bunları unutmur və heç bir zaman unutmayacaqlar.
Cənab Prezident, Sizi bir daha ad gününüz münasibətilə təbrik edirəm və bundan da böyük uğurlar arzulayıram.
Söhbəti yazdı: Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton, may 2003-cü il.-–