Romada “Dirçəliş. Başlanğıc” kitabının təqdimatı olub VİDEO
Roma, 16 iyun, AZƏRTAC
İyunun 15-də Azərbaycanın İtaliyadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Dirçəliş. Başlanğıc” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyinin, “İRS” Nəşriyyat Evinin və “PAŞA Həyat Sığorta” ASC-nin təşkilatçılığı ilə keçirilən tədbirdə İtaliyanın akademik dairələrinin nümayəndələri, Türkiyə səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov kitabın təqdimatının Azərbaycan üçün əlamətdar günə - Milli Qurtuluş Gününə təsadüf etdiyini bildirib. Qeyd edib ki, 1993-cü il iyunun 15-i tarixi müstəqil Azərbaycan dövlətinin tarixində çox önəmli və əlamətdar gündür. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanın güclü dövlət kimi inkişafı istiqamətində gördüyü işlər, daxili və xarici siyasət, iqtisadi yönümlü islahatlar, həmçinin neft strategiyası məhz 1993-cü il 15 iyun tarixindən başlayır.
Diqqətə çatdırılıb ki, bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilir. Bu münasibətlə səfirlik tərəfindən də silsilə xarakterli tədbirlər keçirilir. Bu çərçivədə təqdimatı keçirilən “Dirçəliş. Başlanğıc” kitabı da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərinin necə həyata keçirilməsindən bəhs edir. Nəşrin 30 il ərzində talanaraq dağıdılmış şəhər və kəndlərimizin bu gün dövlətimiz tərəfindən necə dirçəldiyinin geniş auditoriyaya çatdırılmasına töhfə verəcəyinə əminlik bildirib.
Çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, müasir müstəqil Azərbaycanın inkişafı istiqamətində əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycanın bugünkü inkişafı, iqtisadi uğurları, ordumuzun gücü məhz Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir.
N.İsmayılov vurğulayıb ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız azad edib. Bu gün İtaliyada təqdimatı keçirilən kitabda erməni işğalından azad olunmuş torpaqlarında iki il ərzində baş vermiş dəyişikliklər təsvir olunub.
“İRS” Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı bildirib ki, “Dirçəliş. Başlanğıc” kitabı Azərbaycan Xarici İşlər Nazirliyinin, “PAŞA Həyat Sığorta” ASC-nin və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə hazırlanıb. “İRS” silsiləsi çərçivəsində sayca 21-ci nəşr olan “Dirçəliş. Başlanğıc” kitabı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub.
Bildirilib ki, “Dirçəliş. Başlanğıc” kitabında hazırda Qarabağda sürətlə aparılan yenidənqurma və bərpa prosesi, həmçinin əzəli torpaqlarımıza qayıdış öz əksini tapıb.
Qeyd edək ki, kitab işğaldan azad olunmuş ərazilərimizdəki görülən işlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də nəşr edilib. Nəşr “Ön söz”, “Gələcəyə uzanan magistrallar”, “Quruculuq enerjisi”, “Hava limanları”, “Torpağa qayıdış”, “Kül içindən dirçələnlər” və “Doğma Şuşa” hissələrindən ibarətdir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma