“Rosemary Inn” hotelinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb




Bakı, 19 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən “Rosemary Inn” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib. Obyekt yanğın su hovuzu, odsöndürən balon və daxili yanğın kranları ilə təmin olunmayıb, eyni zamanda tezalışan üzlüklərdən istifadə edilib. Taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb. Köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb. Təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılan işıqlı göstəricilər quraşdırılmayıb. Bundan əlavə, təxliyə yolları yanar materiallarla bağlanılıb. Mövcud havalandırma sisteminin istismara yararlılığı barədə müvafiq sənədlər təqdim olunmayıb. Obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib, fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən “Rosemary Inn” otelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.