Rövzət Qasımov: Dairə seçki komissiyalarında ümumilikdə 375 ekspert fəaliyyət göstərir
Bakı, 15 iyul, AZƏRTAC
Ekspert qruplarının üzərində həddindən artıq böyük məsuliyyət var. Belə ki, məhz onların araşdırmaları nəticəsində dairə seçki komissiyaları müəyyən məlumatları aşkarlayıb və qərarlarını verirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın iyulun 15-də keçirilən iclasında söyləyib.
Dairə seçki komissiyalarında ümumilikdə 375 ekspertin fəaliyyət göstərdiyini deyən R. Qasımov bildirib: “Ekspert qruplarının tərkibində hər dairədən üç nəfər var. Həmin ekspertlərin 128-i əvvəlki seçkilərdə müvafiq ekspert qruplarının tərkibində çalışıblar”.
O bildirib ki, iyulun 17-də ekspert qruplarının digər ərazilərdə olan dairələr üzrə nümayəndələri üçün Gəncə, Şəki, Naxçıvan və Masallıda tədbirlər keçiriləcək.