RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN BƏYANATI
- Əvvəlcə sizin hamınızı salamlamaq istəyirəm. Mən hörmətli cənab Prezident Əliyevə, onun xanımına və onları müşayiət edən nümayəndə heyətinə ölkəmizə səfər etdiklərinə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Mən, eyni zamanda, cənab Prezidentə minnətdaram ki, dəvətimi qəbul edib ölkəmizə rəsmi səfərə gəlmişdir.
Mən hesab edirəm ki, cənab Prezidentin budəfəki səfəri bizim dörd ildən çox müddət ərzində gördüyümüz böyük işlərin bir növ yekunlaşdırıcı səfəridir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, son illər ərzində ölkələrimiz arasında prezidentlər və hökumətlər səviyyəsində görülmüş bir çox işlər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Bu gün biz çox vacib bir sənədi imzaladıq. Bu, strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamədir. Bundan əlavə, hökumətlər arasında digər mühüm sazişlər imzalandı. Bu sazişlər bizim siyasi dialoqumuza, həmçinin enerji sahəsində əməkdaşlığımıza, iqtisadi sahədə işbirliyimizə, sərmayə qoyuluşuna, təhlükəsizliklə bağlı əməkdaşlığımıza və eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı yardıma aiddir. Bizim enerji sahəsindəki əməkdaşlığımız təkcə Nabukko layihəsinin həyata keçirilməsi istiqamətində atılan addımlarla məhdudlaşmır. Biz, eyni zamanda, Rumıniyanın Konstansa limanında maye qaz terminalının yaradılması ilə də bağlı bir çox işbirliyi qurmuşuq və əməkdaşlıq edirik.
Eyni zamanda, biz regional məsələlərə də toxunduq. Biz regionda dondurulmuş münaqişələr, xüsusən də Dağlıq Qarabağ münaqişəsi məsələsini nəzərdən keçirdik. Biz bir daha bildirmək istəyirik ki, bununla bağlı Rumıniyanın mövqeyi dəyişməz olaraq qalır. Rumıniya hesab edir ki, dondurulmuş münaqişələrin həlli yalnız və yalnız dinc yolla, mövcud beynəlxalq hüquq norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşma əsasında baş tutmalıdır. Sağ olun.