RƏSMİ XRONİKA
RUMINİYANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TRAYAN BESESKUYA
Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan ilə Rumıniya arasındakı ikitərəfli münasibətlər müvəffəqiyyətlə inkişaf etməkdədir. Bu yaxınlarda ölkənizə səfərim zamanı imzaladığımız Strateji tərəfdaşlıq haqqında bəyannamə, eləcə də digər mühüm sənədlər əməkdaşlığımız üçün geniş perspektivlər açır.
Əminəm ki, həyata keçirmək niyyətində olduğumuz yeni iqtisadi layihələr, xüsusən də neft-qaz sahəsində nəzərdə tutduğumuz birgə işlər ölkələrimizin və xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cancağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 noyabr 2009-cu il.