RƏSMİ XRONİKA
RUMINİYANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TRAYAN BESESKUYA
Hörmətli cənab Prezident,
Rumıniyanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsi regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunması işinə öz töhfəsini verir. Aramızda keçirilən səmərəli, məhsuldar görüşləri məmnunluqla xatırlayaraq ikitərəfli münasibətlərimizin möhkəmlənməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini və iki ölkənin dövlət başçıları arasında səmimi dostluq əlaqələrinin rolunu xüsusi olaraq qeyd etmək istərdim. Ölkənizə rəsmi səfərim zamanı imzalanmış “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə” münasibətlərimizin dərin olduğunun yaxşı göstəricisidir.
Əminəm ki, Azərbaycan ilə Rumıniya arasındakı dövlətlərarası münasibətlərin inkişafı, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rumıniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 dekabr 2009-cu il.