RUS PRAVOSLAV KİLSƏSİNİN BAKI VƏ XƏZƏRYANI YEPARXİYASININ RƏHBƏRİ ALEKSANDR ATANIN ÇIXIŞI
-Zati-aliləri, möhtərəm cənab Prezident!
Çox hörmətli, əziz yubilyar şeyx həzrətləri!
Hörmətli Semyon Borisoviç!
Xanımlar və cənablar!
Ənənəvi iftarda biz - siyasətçilər, din xadimləri, Azərbaycanda akkreditə edilmiş diplomatlar görüşmək, ölkənin dini həyatının spesifikası ilə tanış olmaq, bir-birimizlə üzbəüz ünsiyyət imkanı əldə edirik. Biz burada dəfələrlə demişik ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın müasir həyatının elə möhkəm təməlini qoymuşdur ki, onun sayəsində hətta indiki iqtisadi böhran dövründə də ölkə uğurla inkişaf edir. Bunun sayəsində Azərbaycan, xoşbəxtlikdən millətlərarası ayrı-seçkilikdən və dinlərarası münaqişələrdən yan keçmişdir. Lakin zaman keçir, həyat bizim qarşımızda yeni vəzifələr qoyur, yeni təhdidlərlə üzləşirik. Burada diplomatlardan biri dedi ki, ekspertlərin öyrəndiyi predmetlər arasında təkcə neft, Azərbaycanın faydalı qazıntıları deyil, həm də ölkəmizdə çox yüksək səviyyədə yaradılan tolerantlıq məsələsi olmalıdır.
Mən vurğulamaq istərdim ki, möhtərəm şeyxin bu yubiley ili həqiqətən əlamətdar zəfərlər ili olmuşdur. Azərbaycanda həyat tərzi, o cümlədən dini münasibətlər də bütün dünyada nümunə olmuş və yüksək qiymətə layiq görülmüşdür. Qeyd etməliyəm ki, MDB müsəlmanlarının qurultayı keçirilmiş və həmin forumda bizim çox hörmətli şeyximiz Birlik ölkələri müsəlman icmalarının Məşvərət Şurasının sədri seçilmişdir. Bu, MDB müsəlmanları arasında şeyxin nə qədər yüksək qiymətləndirilməsinin təsdiqidir. Bundan əlavə, bu il Birləşmiş Millətlər Təşkilatı yanında Dinlərarası Məşvərət Şurası yaradılmışdır. Bu təşəbbüsün müəlliflərindən biri bizim möhtərəm şeyx olmuşdur. Hazırda artıq YUNESKO yanında rəsmi işçi orqan yaradılır. O, din xadimlərinin, ictimai və siyasi xadimlərin bir-biri ilə ünsiyyət qurmasına kömək edəcəkdir. Düz iki gün bundan əvvəl mən Rus Pravoslav Kilsəsinin baş keşişi, zati-müqəddəsləri patriarx Kiril ilə görüşmüşəm. O, mənimlə söhbət zamanı şeyxin dinlərarası fəaliyyətinə çox yüksək qiymət verdi və dinlərarası sülhün, həmrəyliyin və anlaşmanın möhkəmlənməsi işində şeyxin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləmək arzusunda olduğunu bildirdi. Mən də əziz yubilyarımıza ünvanlanmış təbriklərə qoşuluram, ona nəcib fəaliyyətində uğurlar və əlbəttə uzun ömür arzulayıram ki, biz burada bu gözəl evdə dəfələrlə görüşə bilək, Azərbaycanın həyatında mövcud olan problemləri müzakirə edək və Azərbaycanın iri addımlarla irəliləməsinə, XXI əsrdə milli və dini sülh nümunəsi olmasına sevinək. Hamınıza təşəkkür edirəm və hamınızı ürəkdən təbrik edirəm.