Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində bütün təşəbbüsləri alqışlayır
Moskva, 23 fevral, AZƏRTAC
Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində bütün təşəbbüsləri alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində söyləyib.
Misirin Bakı ilə İrəvan arasında vasitəçilik etmək təşəbbüsünə Rusiyanın münasibətilə bağlı suala cavab verən diplomat deyib: “Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə səyləri dəstəkləyəcək bütün təşəbbüsləri alqışlayırıq. Əvvəl dediyim kimi, Bakı və İrəvan arasında barışığın əsası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları kompleksidir. Mən nəqliyyat dəhlizlərinin blokadasının aradan qaldırılması və iqtisadi əlaqələri, sərhədlərin delimitasiyasını, həmçinin ictimaiyyət nümayəndələri və ekspertlərin sülh sazişinin hazırlanması prosesində təmasları vasitəsilə etimadın möhkəmləndirilməsini nəzərdə tuturam. Başlıcası vasitəçilik səylərində təkrarlılıq və rəqabətdən qaçmaq, onların sinergiyasına nail olmaqdır”.
M.Qaluzin əlavə edib: “Biz böyük və nüfuzlu dövlət olan Misirin Bakı ilə İrəvan arasında sülh prosesinə kömək etmək təşəbbüsünü məhz bu cür qəbul edirik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva