RUSİYA KİV-LƏRİ: BAKI-TBİLİSİ-CEYHAN REGİON ÖLKƏLƏRİNİN STATUSUNU DƏYİŞDİRƏCƏKDİR
“Kommersant” qəzetində Vladimir Solovyovun “Təntənəli yolasalma” məqaləsində neft kəmərinin əhəmiyyətinə daha geniş yer ayrılmışdır. Müəllif yazır: “BTC postsovet məkanında Rusiyaya dəxli olmayan birinci və ən iri coğrafi-siyasi layihədir və Rusiyadan qətiyyən asılı deyildir”. Onun fikrincə, Xəzərin ehtiyatları İran körfəzindəki ehtiyatları əvəzləyə bilməz, lakin Qazaxıstan neftinin BTC ilə nəqli nəzərə alınarsa, ciddi alternativdir. Bu neft kəmərindən Türkiyə də udacaqdır. Türkiyə İran nefti almağı dayandırmış və itkilərinin yerini Xəzərin xammalı hesabına artıqlaması ilə dolduracaqdır. İsrail də layihəyə maraq göstərir və artıq Xəzər nefti almağa başlamış, onu Ceyhandan Aşkelona, oradan isə KATSA neft kəməri ilə Şərqi Asiya, Hindistan və Çin bazarlarına nəql etmək niyyətindədir.
Müəllif yazır ki, kəmər artıq regionda vəziyyətə təsir göstərməyə başlamışdır. Çünki Birləşmiş Ştatlar BTC-nin tam təhlükəsizliyini təmin etmək niyyətindədir. Azərbaycan və Qazaxıstan sərhədlərində, havada və suda inteqrasiyalı nəzarət rejiminin yaradılması nəzərdə tutulur.
V.Solovyovun fikrincə, ABŞ regionda kəmərə ən böyük təhlükə olan dondurulmuş münaqişələrin mövcudluğu ilə çətin ki, barışsın. O yazır: “İndi, kəmərlə real neft axdığı bir vaxtda Qərb risk etməyib, Qarabağ münaqişəsinin və regiondakı digər münaqişələrin həlli yollarını mütləq durmadan axtaracaqdır”.
BTC kəmərinin perspektivləri haqqında dəlilləri belə bir fikir yekunlaşdırır: “BTC region ölkələrinin statusunu xeyli dəyişməklə yanaşı, yeni qərbyönümlü alyansın əsasını qoyur”.
Ümumiyyətlə, Rusiya mətbuatında ilk Azərbaycan neftinin dünya bazarlarına nəqli mövzusunda bütün məqalələr xəsis bir təmkinliklə yazılmışdır. Görünür, Rusiyadan yan keçən və enerjidaşıyıcılarının dünya bazarlarına nəqlində liderliyə iddia edən neft kəməri onun coğrafi-strateji mənafelərinə cavab vermir.