Rusiya sülhməramlı qüvvələri üzərinə götürdüyü öhdəliyi və vəzifələri yerinə yetirmir - Şərh
Bakı, 18 iyul, AZƏRTAC
Son vaxtlar Qarabağ iqtisadi rayonu ərazisində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında məskunlaşan separatçılarla missiya arasında yaxın ünsiyyəti müşahidə edirik. Azərbaycan tərəfi də Rusiya kontingenti ilə bağlı mövqeyini dəfələrlə bildirib. Bundan sonrakı mərhələdə həmin ərazilərdə qanunsuz erməni birləşmələri müəyyən təxribatlar törədə bilər. Rusiyanın sülhməramlı qüvvələrinin üçillik fəaliyyətinə müəyyən qiymət versək anlayarıq ki, onlar ərazidə sülhü qorumaq yox, daha çox həmin qanunsuz erməni silahlılarının təhlükəsizliyini təmin etməklə məşğuldurlar. Ona görə ki, fəaliyyət göstərdiyi üç il ərzində erməni quldurlarının Azərbaycan ərazisində törətdiyi təxribatlarla bağlı və terrorçulara qarşı başlanmış hər hansı cinayət işini görmədik və bununla bağlı heç bir tədbir görülmədi.
Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, Rusiya sülhməramlılarının yerləşdiyi Qarabağ iqtisadi zonasındakı postların sayı, yeri xəritədə bütün istiqamətləri nəzarət altında saxlamaları şəklində bölüşdürülmüşdü. Onların bu vəziyyəti yoxlamaları üçün hətta monitorinq qrupu da yaradılmışdı. Nəticədə Rusiya kontingentinin postlarından daha çox qanunsuz terrorçuların məntəqələri yaranmağa başladı və həmin ərazilər minalandı. Hazırda qanunsuz erməni silahlı dəstələri fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərirlər. Lakin Azərbaycan Ordusu bu cəhdlərin qarşısını qətiyyətlə alır. Əslində bu cəhdlər Rusiya sülhməramlı qüvvələr tərəfindən alınmalıdır və onların hərəkətlərinə icazə verilməməlidir. Digər tərəfdən bu gün Rusiya sülhməramlı missiyasının fəaliyyəti həm Ermənistanı, həm də Azərbaycanı da qane etmir. Ona görə ki, Rusiya sülhməramlı qüvvələri üzərinə götürdüyü öhdəliyi və vəzifələrini layiqincə yerinə yetirmirlər.
“Odur ki, Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda sadəcə istəyi orada qalmaq müddətini davam etdirməkdir. İstisna etmirəm ki, bu istiqamətdə vəziyyəti daha da gərginliyə apara biləcək müəyyən təxribatlar hazırlana bilər. Belə olduğu halda, Rusiya tərəfi vəziyyətin gərgin olduğunu və sülhü bərqərar etmək üçün daha uzun müddət orada qalmağı bəhanə gətirə bilər.
Eyni zamanda, Rusiya kontingenti Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxilə edir. Vaxtilə biz, Rusiya sülhməramlılarının, eləcə də ölkəmizin ekofəallarının, humanitar nümayəndələrinin Azərbaycanın Qarabağ iqtisadi zonasında təhlükəsizlik monitorinq keçirilməsinə şərait yaratmadıqlarının şahidi olmuşuq. Odur ki, bu gün Rusiyanın sülhməramlı qüvvələrinin mövqeyi bizə məlumdur. Bundan sonra ola bilsin ki, Rusiyanın sülhməramlı qüvvələri nə Ermənistan, nədəki Azərbaycanın maraqlarını müdafiə etməyəcək. Çünki onlar ancaq öz maraqlarını güdürlər və bu istiqamətdə fəaliyyət göstərəcəkləri gözlənilir”, - deyə ehtiyatda olan polkovnik əlavə edib.