RUSİYA XƏZƏRİN SİLAHSIZLAŞDIRILMASININ ƏLEYHİNƏDİR
A.Urnov Xəzərdə hərbi fəaliyyət məsələsinin mürəkkəb məsələlərdən olduğunu vurğulayaraq demişdir: “İndi biz Xəzərin silahsızlaşdırılması problemini aradan qaldırmağa və burada lazım olan həddə və tərəflərin silahlarının tarazlığının gözlənilməsi çərçivəsində hərbi fəaliyyətin inkişafını nəzərdə tutan formula çıxmağa imkan verən variant tapmağa çalışırıq. Moskvanın prinsipial mövqeyi ondan ibarətdir ki, indiki şəraitdə Xəzər silahsızlaşdırıla bilməz. Bizcə, beynəlxalq terrorizm təhlükəsi şəraitində tərksilahdan söhbət gedə bilməz. Digər tərəfdən, silahlanmanı artırmaqdan söhbət getmir, məsələ lazım olan həddə silahlanmadan ibarətdir”.
Rusiya diplomatı transxəzər boru kəmərinin çəkilməsi ilə əlaqədar Moskvanın mövqeyi barədə suala cavab verərək demişdir ki, “əgər söhbət transxəzər boru kəmərindən gedirsə, onda bu, ümumxəzər riskidir”. Onun sözlərinə görə, Xəzər qapalı regiondur, qapalı sututardır və burada zəlzələ təhlükəsi yüksəkdir”. “Ona görə də hesab edirik ki, belə boru kəmərlərinin çəkilişi məsələsi bütün “beşlik” tərəfindən birgə həll olunmalıdır. Yəni, belə boru kəmərinin ekoloji ekspertizası bütün beş Xəzəryanı ölkə tərəfindən bəyənilməlidir”.
A.Urnov qeyd etmişdir ki, akvatoriyanın səthindən ümumi istifadə məsələsi müxtəlif cür yozulur. “Bioloji ehtiyatların kollektiv idarə edilməsi prinsipinin pozulması, deməli, burada olan nadir nərə balığının populyasiyasının sarsıdılması baxımından biz milli balıqçılıq zonaları yaradılmasını təhlükəli hesab edirik. Odur ki, öz balıqçılığını zorla qəbul etdirmək yox, bu balığın populyasiyasını birgə idarə etmək lazımdır”.