RUSİYADA SEÇKİLƏR...
RF MSK yanvarın 6-da Rusiya Federasiyasının dövlət başçısı vəzifəsinə öz namizədliyini irəli sürmək arzusunda olan şəxslərdən sənədlərin qəbulunu başa çatdırmışdır.
AZƏRTAC-ın müxbiri Rusiya MSK-ya istinadla xəbər verir ki, rəsmi məlumatlara görə, prezident vəzifəsinə 10 nəfər öz namizədliyini irəli sürmüşdür və bu vəzifə uğrunda məhz onlar mübarizə aparacaqlar.
Ekspertlər hesab edirlər ki, qələbəyə əsas namizəd Rusiyanın indiki prezidenti Vladimir Putindir. V.Putin öz namizədliyini, çoxlarının gözlədiyi kimi, “Vahid Rusiya” Partiyasından yox, müstəqil namizəd kimi irəli sürmüşdür. Xatırladaq ki, yeni qanunlara görə, namizədliyini RF Dövlət Dumasına seçkilərdə qalib gəlmiş siyasi partiyalardan irəli sürən namizədlərdən ( onlara seçicilərin imzaları lazım deyil) fərqli olaraq, müstəqil namizədlər yanvarın 28-dək 2 milyona yaxın imza toplamalıdırlar.
İndiki prezidentdən başqa, RF Dövlət Dumasinin keçmiş sədri İvan Rıbkin, “Sağ qüvvələr ittifaqı” partiyasinin həmsədri İrina Xakamada, “Vətən” blokunun həmsədri Sergey Qlazyev, sahibkarlar Vladimir Brıntsalov və Anzori Aksentyev də müstəqil namizədlər kimi öz namizədliklərini irəli sürmüşlər.
Siyasi partiyalardan namizədlər aşağıdakılardır: Federasiya Şurasının indiki sədri Sergey Mironov -“Rusiya Həyat Partiyası”, Nikolay Xaritonov -“RF Kommunist Partiyası”, Oleq Malışkin -“Liberal Demokrat Partiyası” və “Rusiya Regionları Partiyası”ndan Viktor Geraşşenko.
Beləliklə, prezident vəzifəsi uğrunda siyasi mübarizə artıq real surətdə start götürmüşdür.