Sabirabadda "20 Yanvar şagirdlərin gözü ilə" adlı rəsm sərgisi açılıb
Sabirabad, 18 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N.Gəncəvi adına 5 nömrəli şəhər tam orta məktəbində 1990-cı il 20 Yanvar şəhidlərinin 33-cü ildönümünə həsr olunan “20 Yanvar şagirdlərin gözü ilə” adlı rəsm sərgisi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird kollektivi, mərkəzin əməkdaşları iştirak ediblər. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin nəzdində fəaliyyət göstərən “Rəsm dərnəyi” üzvlərinin əl işlərindən ibarət 20 Yanvar faciəsini əks etdirən sərgidə çıxış edən Sabirabad rayon Mədəniyyət Mərkəzinin metodisti Esmira Zeynalova bildirib ki, məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, qəhrəmanlıq şücaətlərini yeniyetmələrə, gənclərə aşılamaqdır. Həmçinin sərgi iştirakçılarına Ümumxalq Hüzn Günü ilə bağlı Mədəniyyət Mərkəzində 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş fotostendlərdən və bukletlərdən hazırlanmış sərgi təşkil edildiyini, həmçinin məktəblərdə 20 Yanvar hadisələrinə həsr olunmuş rəsm sərgiləri, mərkəzdə dəyirmi masa keçiriləcəyi, videoçarxlar nümayiş olunacağı bildirilib.
20 Yanvar hadisələrinin tarixindən danışan məktəbin müəllimi Pərvanə Əliyeva Azərbaycan xalqının azadlıq uğrunda canlarını qurban edən şəhidlərin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutulduğunu, onların igidliyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Sonra şagirdlər 20 Yanvar faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər və ədəbi-bədii kompozisiyalarla ifadə ediblər.
Sonda iştirakçılar tərəfindən sərgiyə baxış keçirilib.