Sabunçu, Yasamal və Xırdalanda oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 5 avqust, AZƏRTAC
Bakıxanov qəsəbəsində restorandan oğurluq edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 31-də Bakıxanov qəsəbəsi ərazisində yerləşən restoranların birindən 1650 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ümid Mənsimov saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə avqustun 1-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları, sənədləri və 3000 manat dəyərində mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Kənan Məhərrəmov, Salyan rayon sakini Rəvan Abdullayev və Sumqayıt şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 27-də rayon ərazisində iki evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Səmədov saxlanılıb.
Eyni şöbənin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində iyulun 25-də Bakı şəhər sakini A.Şahmurovun 560 manat dəyərində lotereyasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüsal Abbasov müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə müxtəlif vaxtlarda Xırdalan şəhəri ərazisində bir evdən 2500 manat dəyərində 2 ədəd televizor, bir köşkdən 800 manat pul, bir evin zirzəmisindən isə velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Bilal Əsədov saxlanılıb.
Araşdırmalarla onun daha bir evdən 4750 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması, həmçinin iyulun 31-də Xırdalan şəhəri ərazisindən “Toyota” markalı bir avtomobili qaçırması da müəyyən olunub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.