Şahbuz rayonunun aran kəndlərində yaz-tarla işlərinə başlanılıb
Şahbuz, 23 mart, AZƏRTAC
Muxtar respublikanın füsunkar dağ bölgəsi olan Şahbuz rayonunun aran kəndlərində yaz-tarla işlərinə başlanılıb, dağ kəndlərində isə əkin üçün hazırlıqlar gedir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hazırda sahələrdə şumlama və əkin işləri aparılır. Artıq 62 hektar sahədə şum qaldırılıb. Şum aparılan sahələrin 42 hektarında əkin aparılıb. Bunun da 38 hektarını yazlıq arpa, 3 hektarını çoxillik ot əkini təşkil edir. Bölgənin Türkeş, Sələsüz, Şahbuzkənd, Badamlı, Mahmudoba və digər yaşayış məntəqələrinin məhsuldar torpaqlarında əkin işləri uğurla davam etdirilir.
Rayonun iqlim şəraiti və torpaq xüsusiyyətləri, həmçinin daxili tələbat nəzərə alınmaqla kartofçuluğun inkişafına xüsusi diqqət yetirildiyindən Şahbuzda bu sahəyə maraq xeyli artırılıb. Bu il əlverişli hava şəraitindən istifadə edən zəhmətkeşlər sahələrdə bol məhsulun təməlini qoyurlar. Hazırda bir hektar sahədə kartof əkilib. Gömür, Ağbulaq, Kükü, Keçili, Aşağı Qışlaq, Yuxarı Qışlaq kəndlərində kartofçuluq xeyli inkişaf edib.
Rayonda görülən işlər sayəsində əkinlərin suvarma suyu ilə təminatında problemlər yaranmır. Arxlar, subartezian quyuları və nasos stansiyalar işlək vəziyyətdədir.