REGİONLAR
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
Şəki, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Şəkidə keçirilən rayon mərhələsinin yarışları şəhər 10 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki rayon sektoru və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində keçirilən yarışda 11 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar estafet və fiziki hazırlıq mərhələləri üzrə yarışlarda qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan Şəki şəhər 10 nömrəli tam orta məktəbin komandası, eyni zamanda, yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb. Şəhər 11 nömrəli və Qoxmuq kənd tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalar diplomlarla mükafatlandırılıblar.