“Şahin” hərbi-idman oyununun Şəki turunda 10 komanda mübarizə aparıb
Şəki, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Şəkidə keçirilən rayon mərhələsinin yarışları şəhər 10 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və şəhər Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib. Şəki şəhər 8 nömrəli tam orta məktəbdə keçirilən yarışın əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, hərbi-idman oyununun keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi işinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək etməkdən ibarətdir.
Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar estafet və fiziki hazırlıq mərhələləri üzrə yarışlarda qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan Şəki şəhər 10 nömrəli tam orta məktəbin komandası, eyni zamanda, yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb. Qoxmuq kənd və şəhər 11 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalar diplomlarla mükafatlandırılıblar.