Şamaxıda bələdiyyə sədri və ətraf mühiti çirkləndirənlər barədə qanunamüvafiq tədbirlər görülüb
Bakı, 14 iyul, AZƏRTAC
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları məişət tullantılarının urnalardan kənara atılmasının, eləcə də ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a məlumat verilib.
Tədbirlər zamanı bəzi şəxslərin tullantıları urnalara deyil, ətraf əraziyə atdığı aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.
Həmçinin rayonun Qurdtəpə kəndində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunduğu üçün bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi isə inzibati tənbeh tədbiri görülüb.