Sarayevoda imzalanan birgə Bəyannamə ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələdir
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan beynəlxalq münasibətlər sistemində bütün ölkələrlə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında münasibətlər quran dövlət kimi böyük nüfuz qazanıb. Xüsusilə də son zamanlar Prezident İlham Əliyevin milli maraqlarımız baxımından dünyanın bir sıra strateji ölkələrinə etdiyi səfərlər və qəbul olunan qərarlar Azərbaycanın diplomatik müstəvidə mövqelərini daha da möhkəmləndirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.
Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfərinin də bu xüsusda mühüm əhəmiyyət kəsb etdiyini söyləyən F.Şahbazlı deyib: "Bu günədək Azərbaycanla Bosniya və Herseqovina beynəlxalq platformalarda yaxından əməkdaşlıq edərək bir-birini dəstəkləyiblər. Xüsusən də 44 günlük Vətən müharibəsi dövründə Bosniya və Herseqovinanın ədalətli mövqeyi və Azərbaycanı dəstəkləməsi ölkəmiz üçün son dərəcə vacib məqamdır. Təsadüfi deyil ki, Azərbaycan da hər zaman ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı kimi strateji məsələlərdə Bosniya və Herseqovinanı dəstəkləyib".
Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfərinin çox mühüm siyasi və iqtisadi əhəmiyyət kəsb etdiyini vurğulayan siyasi şərhçi deyib ki, Sarayevoda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələdir. Bu Bəyannamə iki ölkə arasında əməkdaşlığın perspektivlərini müəyyən edən ciddi yol xəritəsi rolunu oynayacaq. Bu səfərdən sonra hər iki ölkə həm diplomatik müstəvidə, ticari-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar, turizm kimi sahələrdə əməkdaşlıq potensialını daha da yüksəldəcək. Düşünürəm ki, bu mühüm səfərdən sonra Bosniya və Herseqovina şirkətləri də Qarabağda yenidənqurma işlərinə böyük maraq göstərəcəklər".