Savalan Mirzəyev: Azərbaycan dövləti milli-mənəvi dəyərlərinə, tarixinə və mədəniyyətinə sahibdir
Tbilisi, 15 aprel, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə, mədəniyyətə, tariximizə göstərdiyi diqqət, verdiyi yüksək qiymət təkcə Azərbaycanda deyil, Gürcüstanda yaşayan gənclərin də həyatında mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev Tbilisidə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda keçirilən konfransda söyləyib.
Onun sözlərinə görə, milli-mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin qiymətləndirilməsi, tarixi-mədəni, dini abidələrin bərpası və qorunması Ulu Öndərin siyasətinin prioritetlərindən biri olub. Onun bu siyasəti nəticəsində xalqımız böyük inkişaf yolu keçib.
“Dünyaşöhrətli siyasi xadimin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bütün istiqamətdə inkişafına nail olub. Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, ordu quruculuğuna da xüsusi diqqət yetirdi. Bunun nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarını erməni işğalından azad etdi. İndi Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə dağıdılmış dini abidələrin bərpası istiqamətində mühüm işlər görülür.
Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlərinə, tarixinə və mədəniyyətinə sahibdir. Azərbaycan bu abidələri bərpa edib geniş təbliğatını aparmaqla öz böyüklüyünü sübut edir”, - deyə S.Mirzəyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi