“Sea Breeze”də Beynəlxalq Xəzər Günü qeyd olunub
Bakı, 13 avqust, AZƏRTAC
“Sea Breeze” kurort şəhərciyində 7-12 yaşlı uşaqlar üçün Beynəlxalq Xəzər Gününə həsr olunmuş “Xəzərin keşikçiləri” adlı ekoloji maarifləndirmə tədbiri keçirilib. Tədbir “Sea Breeze Resort” və “EcoSphere” sosial və ekoloji mərkəzi ilə birgə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarına Xəzər dənizi haqqında interaktiv təqdimat nümayiş etdirilib. Onlar, həmçinin onun ekosistemi və ekoloji davranış nümunələri ilə tanış olub, su ehtiyatlarının mühafizəsi məsələlərini müzakirə ediblər.
Tədbirdə elmi müşahidələr, suyun duzluluğunun təyini, su orqanizmlərinin və sahilyanı bitkilərin tədqiqi, mikroskopla işlərin aparılması üzrə sahilə kiçik ekspedisiya təşkil edilib. Bütün iştirakçılar “Xəzərə məktub” yazıblar və balıqqulağından ibarət panel hazırlayıblar.
Tədbirin sonunda hər bir iştirakçıya “Xəzər dənizinin gənc kəşfiyyatçısı” diplomu və ekspedisiyanın rəmzi möhürü vurulmuş “Dəniz pasportu” təqdim olunub.