Şəhid və qazi övladları üçün Tovuzda yay düşərgəsi təşkil olunub
Bakı, 16 avqust, AZƏRTAC
Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək olan “ƏMANƏT” layihəsi çərçivəsində avqustun 11-dən 15-dək təşkil olunan 3-cü yay düşərgəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunda keçirilən beşgünlük düşərgədə 38 şəhid və qazi övladı, 6 valideyn iştirak edib. Düşərgənin əyləncəli və faydalı keçirilməsi məqsədilə iştirakçıları üçün təlimçilər tərəfindən müxtəlif şəxsi inkişaf təlimləri, master-klaslar, ekskursiyalar, əyləncəli oyunlar və yarışlar təşkil olunub.
Qeyd edək ki, “ƏMANƏT - Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək” layihəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra fəaliyyətə başlayıb. İndiyədək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Qobustan, Şamaxı, Qusar, Sabirabad, Salyan, Neftçala şəhərlərində 200-dən çox şəhid və qazi övladı ziyarət edilib. Ziyarət zamanı hər ailəyə dərs ləvazimatları, bədii və uşaq ədəbiyyatı, müxtəlif yaş qrupuna görə hədiyyələr verilib.
Hazırda layihənin dəstəyi ilə 250-dən çox şəhid və qazi övladı, eyni zamanda, həyat yoldaşları təhsil alır. Onlara 150-yə yaxın müəllim, psixoloq, loqoped, həkim və sair sahə mütəxəssisləri xidmət göstərir.