ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC xəbər verir ki, Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının iştirakçıları noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət etmişlər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edildi, onların məzarları üstünə gül-çiçək düzüldü.
Qurultay iştirakçıları adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu.
Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə qurultay iştirakçılarına məlumat verildi. Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Şəhidlər xiyabanında əsaslı yenidənqurma işləri görülmüşdür.
X X X
Qurultay iştirakçıları həmin gün türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etdilər. İştirakçılar adından abidənin önünə əklil qoyuldu, türk şəhidlərinin xatirəsi ehtiramla yad edildi.
Qonaqlara məlumat verildi ki, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş 1130 türk əsgəri burada dəfn olunmuşdur. Abidənin Şəhidlik kitabəsində qardaş Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuşdur. 2000-ci ildə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə abidənin açılış mərasimi olmuşdur. Azərbaycanın daha 5 bölgəsində şəhid türk əsgərlərinin şərəfinə abidələr ucaldılmışdır.