Səidə Qocamanlı: Azad edilmiş ərazilərdə seçki günü məntəqələr önündə çoxsaylı növbələr müşahidə edilib
Bakı, 8 fevral, AZƏRTAC
Müşahidəçilərimiz Qarabağ və Şərqi Zəngəzurda seçkiləri müşahidə ediblər. Onlar Xankəndi, Şuşa, Xocalı, Ağdərə, Ağdam, Füzuli, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçında seçki məntəqələrində olublar. Azad edilmiş ərazilərdə seçki günü məntəqələr önündə çoxsaylı növbələr müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri Səidə Qocamanlı “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının seçkilərdə aparılan müşahidənin nəticələrinə həsr olunmuş brifinqdə söyləyib.
S.Qocamanlı bildirib ki, “Mənim səsim” Seçki Monitorinq Koalisiyası seçkilərdən sonra da monitorinqini davam edir: “İndi biz monitorinqimizin seçkidən əvvəl və seçki günündən sonrakı yekun - III fazasına daxil olmuşuq. Hazırda seçkilərlə bağlı yekun hesabat üzərində işləyirik, seçki prosesi tam başa çatandan sonra yekun hesabat da ictimaiyyətə açıqlanacaq”.