REGİONLAR
Şəki-Zaqatala bölgəsində Milli Məclisə 8 mandat uğrunda 67 namizəd mübarizə aparır
Qax, 1 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 1-də ölkəmizin hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsində də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 8 seçki dairəsinin 439 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.
Dairə seçki komissiyalarından verilən məlumata görə, bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 423 min 397 nəfərdir. Onlardan 3 min 946 nəfəri seçkilərdə ilk dəfə səs verir. Yaşı 80-dən yuxarı olan seçicilərin sayı isə 6 min 356 nəfərdir. Seçkilərdə bu dairələr üzrə Milli Məclisə 8 mandat uğrunda 67 namizəd mübarizə aparır. Onlardan 18 nəfəri müxtəlif siyasi partiyaları təmsil edir. 49 nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Namizədlərin 20-si qadındır.
Səsvermənin şəffaf və demokratik keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, o cümlədən etibarlı rabitə sistemi və elektrik generatorları ilə təmin olunub. Bu dairələr üzrə seçkilərin gedişini 6 min 815 nəfər yerli müşahidəçi, həmçinin beynəlxalq təşkilatların nümayəndələri izləyirlər.
113 saylı Qax-Şəki seçki dairəsinin seçki məntəqələrində də Milli Məclisə növbədənkənar seçkilər seçicilərin fəallığı şəraitində davam edir. Səsvermə hüququ olan vətəndaşlar səhər saatlarından etibarən seçki məntəqələrinə gəlir, öz vətəndaşlıq borclarını yerinə yetirərək seçimlərini edirlər.
AZƏRTAC-ın bölgə müxbiri dairənin 4 saylı seçki məntəqəsində səsvermə prosesinin gedişini izləyib. Qax rayon Mədəniyyət Mərkəzində yerləşən seçki məntəqəsində səsvermə prosesini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 9 nəfər yerli müşahidəçi izləyir.
Səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün məntəqədə lazımi şərait yaradılıb. Seçici şəxsiyyətini təsdiqləyən müvafiq sənədi təqdim etdikdən sonra ultrabənövşəyi lampa vasitəsilə sol əlinin baş barmağının gözə görünməyən mürəkkəblə işarələnib-işarələnmədiyi yoxlanılır. Sonra seçicinin barmağı gözə görünməyən mürəkkəblə işarələnir və ona bülleten verilir.
Əvvəlki seçkilərdə olduğu kimi, yenə də ilk olaraq məntəqəyə Qax şəhər sakini, rayon ağsaqqalı, 84 yaşlı Mais Şabanov gəlib. O, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu seçkidə ruh yüksəkliyi ilə iştirak etdiyini bildirib: “Səsvermə yaxşı səviyyədə keçir. Hamı sərbəst şəkildə öz seçimini edir, istədiyi namizədə səs verir. Mən də öz seçimimi etdim, arzuladığım namizədə səs verdim”.
Digər seçicilər də məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını, səsvermənin şəffaf və demokratik keçirildiyini vurğulayıblar.