“SƏMA ŞAİRİ” SƏNƏDLİ FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Film nümayiş etdirilməzdən əvvəl kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı olmuşdur. İdarənin şöbə rəisi Fikrət Babayev Novruz bayramı ilə əlaqədar həyata keçirəcəkləri tədbirlər barədə konfrans iştirakçılarına məlumat vermişdir. Natiq bildirmişdir ki, martın 22-dən başlayaraq Bakının əsas kinoteatrlarında “Azərbaycan kino həftəsi” keçiriləcəkdir. Həftədə “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vaxtlarda istehsal olunan 20–yə yaxın film nümayiş etdiriləcəkdir. Böyüməkdə olan nəsli milli kinolarımız barədə məlumatlandırmaq üçün İdarə orta məktəblərdə və kolleclərdə pulsuz filmlər nümayiş etdirməyi də planlaşdırmışdır.
Novruz bayramı ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində martın 30-da “Azərbaycan” kinoteatrında “Səma şairi” filmi göstəriləcəkdir. Film 1918-ci ilin martında ermənilərin Bakıda törətdikləri soyqırımı hadisələri ilə başlanır. Nadir sənədli kadrlarda Hüseyn Cavid Bakı nümayişçiləri arasında görünür.
Filmin ssenari müəllifi Azər Turan, quruluşçu rejissoru Şamil Nəcəfov, müsiqisi böyük Üzeyir Hacıbəyovun sevimli tələbəsi olmuş Ərtoğrul Cavidindir. Məsləhətçi görkəmli şairin qızı Turan Caviddir.