Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Cari ilin yanvar və fevral aylarında Şəmkir rayonu ərazisində bir neçə evdən oğurluq edən şəxs rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini 23 yaşlı İslam Vəliyev yanvarın əvvəllərində rayon ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq “Grundig” markalı televizor və 3 ədəd şüşə qab oğurlayıb. O, fevralın 16-da başqa bir evə daxil olaraq “Arçelik” markalı televizor və “HP” markalı kompüter, fevralın 25-də isə digər bir evdən 8 ədəd kristal meyvə və şirniyyat qabları oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. İ.Vəliyev dindirilərkən törətdiyi oğruluq hadisəsini etiraf edib. O oğurladığı əşyaları 1200 manata satdığını, əldə etdiyi pulu isə mərc oyunlarında uduzduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.