SENATORLAR CORC BUŞU RUSİYANI DÜNYA TİCARƏT TƏŞKİLATINA BURAXMAMAĞA ÇAĞIRMIŞLAR
Senatorların dövlət başçısına göndərdikləri məktubda deyilir: “Rusiyanın bir çox hərəkətləri ölkə hökumətinin öz öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər siyasi iradəyə malik olmasına böyük şübhə doğurur”. Onlar Rusiyanın DTT-yə qoşulmasını prinsipcə dəstəkləsələr də, “ABŞ-ın kənd təsərrüfatı, sənaye, yüksək texnologiyalar, intellektual mülkiyyət və xidmət sahəsi üçün böyük əhəmiyyətə malik bir çox həll edilməmiş məsələlər olduğunu” xatırladırlar.
Bundan əvvəl ABŞ-ın maliyyə naziri Con Snou bildirmişdi ki, Rusiya DTT-yə “Böyük səkkizlik”in Sankt-Peterburq zirvə toplantısınadək daxil olacaqdır. Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qref də demişdi ki, Rusiya və ABŞ RF-nin DTT-yə daxil olması haqqında sazişi zirvə toplantısı başlanana qədər imzalayacaqlar.
Lakin ABŞ Senatının energetika komitəsinin bir qrup üzvü Rusiya müəssisələrinə Birləşmiş Ştatlara nüvə yanacağı satmasını artırmağa imkan verən bu sazişin əleyhinə çıxmışlar. Senatorlar xəbərdarlıq etmişlər ki, saziş bu yanacağın alınmasında ABŞ-ın xaricdən asılılığının artmasına gətirib çıxaracaq və bazarın sabitliyini pozacaqdır.
İyulun 12-də Rusiya Prezidenti Vladimir Putin ölkənin atom sahəsi müəssisələrinə qarşı ABŞ-da ayrı-seçkilik tədbirləri ilə razı olmadığını bəyan etmişdir.