“Sənlə Vikipediya daha gözəldir!” layihəsi başa çatıb
Bakı, 15 avqust, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun, Türk Ağsaqqalları İctimai Birliyinin və “BZT ACADEMY”nin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sənlə Vikipediya daha gözəldir!” layihəsi başa çatıb. Könüllülər tərəfindən “Vikipediya”da 120-dən çox məqalə yaradılıb, 5000-dən çox məqalə isə redaktə olunub.
Bunu AZƏRTAC-a açıqlamasında “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.
“Layihə bir ay müddətində həyata keçirildi. On yeddi nəfərdən ibarət gənc qrup bu müddət ərzində “Vikipediya”da məqalələr yaratmağı, redaktə etməyi öyrənib, o cümlədən müzakirələrdə çıxış etməyi mənimsəyib və “viki” qaydalarla bağlı məlumatlar əldə ediblər. Layihə müddətində “Vikipediya”da yaratdıqları məqalələrə və verdikləri töhfələrə görə Ayla Nəbiyeva, Aytac Ağakişizadə və Kənan Əlizadə xüsusi fərqləniblər. Təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun təlimçisi, Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının sədr müavini, Vətən müharibəsi qazisi Qədir Quliyev tərəfindən keçirilib. İştirakçılara “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı, Milli Məclisin deputatı Elnur Allahverdiyev və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədri AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev, TAİB-in təsisçisi Ramin Əhmədov tərəfindən diplom və sertifikatlar təqdim olunacaq”, - deyə Elnur Eltürk qeyd edib.