Serbiyadakı icmamız Ermənistanın mina terroruna son qoyulmasına çağırış edib
Bakı, 18 iyul, AZƏRTAC
Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzi ölkəmizin işğaldan azad edilmiş ərazilərində Ermənistanın mina təhlükəsi yaratması ilə bağlı növbəti dəfə dərin narahatlığını bəyan edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Mərkəz adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda diqqət Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkar Əliyev Sahib İsa oğlunun bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət aldığı xəbərinə cəlb edilib.
Bu insident Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsi, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi kimi qiymətləndirilib.
Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olaraq qaldığı, bu təhlükənin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına və bölgədə həyata keçirilən bərpa-yenidənqurma işlərinə əngəllər törətdiyi diqqətə çatdırılıb.
Mərkəz beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıb.
Eyni zamanda, Azərbaycanın texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin olunmasının zəruriliyi vurğulanıb.