SİYASƏT
Sergey Lavrov Ermənistan parlamentinin spikerini yalan danışmaqda ittiham edib
Bakı, 10 sentyabr, AZƏRTAC
Ermənistan rəhbərliyinin Moskvanın Qarabağı Azərbaycana “verməsi” haqqında bəyanatları həqiqətə uyğun deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib. O bildirib: “Hansısa xadim, səhv etmirəmsə, parlamentin başçısı belə bir fikir söyləyib ki, Rusiya Qarabağı Azərbaycana “verib”. Bundan qeyri-dəqiq və vicdansız bəyanatı təsəvvür etmək mümkün deyil. O, 2020-ci ilin noyabrında Putin, Paşinyan və Əliyevin ilk üçtərəfli bəyanatı imzalayanda Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyinə istinad edib. Bu, qətiyyən həqiqətə uyğun deyil”.
Rusiya XİN-in başçısı vurğulayıb ki, Rusiya Ermənistan rəhbərliyinin ABŞ ilə birgə hərbi təlimlər keçirməsi niyyətini təəssüflə qarşılayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva