Səudiyyə Ərəbistanında sürətli şahmat və blits üzrə dünya çempionatı keçiriləcək
Bakı, 30 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanında sürətli şahmat və blits üzrə dünya çempionatı keçiriləcək.
AZƏRTAC Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadla xəbər verir ki, yarışlar dekabrın 26-dan 30-dək Ər-Riyadda keçiriləcək.
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirdə iştirakını təsdiqləyib. Yarışlarda şahmatçımızla yanaşı, klassik şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, rapid və blits üzrə hazırkı dünya çempionları - rusiyalı qrossmeyster Sergey Karyakin, ukraynalı Vasili İvançuk, Ermənistandan Levon Aronyan, Hindistandan keçmiş dünya çempionu Vişvanatan Anand və dünyanın 40 ölkəsindən 180-dən artıq aparıcı qrossmeysterlər iştirak edəcəklər.
Ər-Riyadda mükafat fondu rekord məbləğ - 2 milyon ABŞ dolları təşkil edir. Kişi şahmatçıların rapid və blits turnirlərində açıq seksiyada qaliblərin hər birinə 750 min, qadın şahmatçıların rapid və blits yarışlarında biri yeri tutan şahmatçılara 250 min ABŞ dolları mükafat veriləcək.
Açıq yarışlarda 250, qadınların turnirində 150 şahmatçı iştirak edəcək. Dekabrın 26-dan 28-dək sürətli şahmat (rapid), dekabrın 29-dan 30-dək blits üzrə yarışlar keçiriləcək.
Xatırladaq ki, 88 kişi və 94 qadın şahmatçının yol, yaşayış və yemək xərclərini təşkilatçılar ödəyir. Dünya çempionatı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun adını daşıyacaq.
Sürətli şahmat və blits üzrə dünya çempionatı 2016-cı ildə Dohada (Qətər) keçirilib.