ŞEYXÜLİSLAM ABŞ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Görüşdə dünyada siyasi vəziyyət, 11 sentyabr hadisələrindən sonra ABŞ-da islama münasibət məsələləri müzakirə olunmuşdur.
Rino Harniş vurğuladı ki, terrorizmlə islam arasında heç bir əlaqə yoxdur. ABŞ İraqda islama qarşı deyil, siyasi əleyhdarlara qarşı müharibə aparır. Səfir xatırlatdı ki, 1993-cü ildə Birləşmiş Ştatlar Kosovoda müsəlmanları xilas etmişdir.
Diplomat ABŞ-da Azərbaycan və rus dillərində nəşr olunmuş kitabçaları şeyxülislam A.Paşazadəyə təqdim etdi. Bu nəşrlərdə nəzərə çarpdırılır ki, ABŞ-ın 5 milyon müsəlman əhalisi ölkənin ictimai-siyasi həyatının bütün sahələrinin fəal iştirakçısı, cəmiyyətin bərabərhüquqlu üzvləridir.
Şeyxülislam hacı Allahşükür Paşazadə vurğuladı ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan terrorizmin əleyhinə olduğunu birincilər sırasında açıqlamış və bu bəla ilə mübarizədə öz köməyini təklif etmişdir.
O, Qafqaz Müsəlmanları İdarəsinin gördüyü işlər, 90 ölkənin müxtəlif konfessiyaları nümayəndələrinin toplandığı Tehran konfransı barədə məlumat verərək dedi ki, həmin məclisdə din xadimləri kəskin münaqişələri zor gücünə deyil, məhz dincliklə aradan qaldırmağın zəruriliyindən danışmışlar. Tehran konfransında Azərbaycan dini dözümlülüyə nümunə göstərilmiş və müxtəlif konfessiyaların dinc yanaşı yaşaması sahəsində onun böyük təcrübəyə malik olduğu xüsusi vurğulanmışdır. Bu, ümummilli liderimiz Heydər Əliyevin düzgün xəttinin və onun varisi Azərbaycan Prezidenti İlham Əliyevin bu xətti uğurla davam etdirməsinin nəticəsidir.
Dünyada gedən münaqişələrdən söhbət açan görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda dincliklə nizama salınacağına əmin olduqlarını bildirdilər.
KİV təmsilçilərinin iştirakı olmadan davam etdirilən görüş başa çatdırıldıqdan sonra R.Harniş və A.Paşazadə jurnalistlərin suallarına cavab verdilər.