Sığorta bazarının həcminin hər il 10 faiz artması qarşıya hədəf kimi qoyulub
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Azərbaycan Respublikasının Mərkəzi Bankı və Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Mediasiya Şurasının təşkilatçılığı ilə Sosial Tədqiqatlar Mərkəzində "Sığorta mübahisələrinin həllində mediasiyanın rolu" adlı elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc iqtisadiyyatın ən mütəhərrik sahələrindən olan sığorta sistemi barədə məlumat verib. Bildirib ki, sığorta iqtisadi və sosial həyata güvən və fond yaratma qabiliyyəti ilə kapital bazarlarının inkişafına təkan verir. Bu baxımdan Azərbaycanda da sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. Lakin bu sahədə daha fundamental təhlillərə ehtiyac var. Belə görüşlər gələcəkdə sığorta bazarının genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi çərçivəsində Azərbaycanın sosial-iqtisadi inkişafa dair 2023-2026 strategiyasında əksini tapan prinsiplərə uyğundur. Eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən sözügedən sektorda 2026-ci ilə qədər "Sığorta sektorunda risk əsaslı nəzarət və tənzimləmə çərçivəsinin güclənməsi" və "Sığorta bazarının inkişaf etməsi və dayanıqlığının artması" kimi yekun nəticələr hədəflənib. İndiki şəraitdə sığorta mübahisələrinin mediasiya müstəvisində həlli təşəbbüsləri hər iki hədəfə çatmaqda mühüm platformalardan biri ola bilər. Strategiya çərçivəsində sistemli institusional islahatlar, bazar infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal transformasiya və intensiv maarifləndirmə tədbirləri vasitəsilə sığorta bazarının həcminin hər il 10 faiz artması kimi ölçüləbilən hədəflər qarşıya qoyulub.
Z.Oruc qeyd edib ki, bu gün ölkəmizdə icbari və könüllü icbari sığorta siniflərinin hər biri üçün yeni “yol xəritəsi” müəyyənləşib. Azərbaycan Mərkəzi Bankının 2022-ci il hesabatına görə, ölkənin sığorta bazarında 20 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 15-i qeyri-həyat sığorta şirkətidir. Sektorun fəaliyyəti həmçinin 29 sığorta brokeri və 652 sığorta agenti vasitəsilə təmin edilib.
“Son 10 ildə dünya iqtisadiyyatında və maliyyə sektorunda yaşanan dalğalanmalar Azərbaycanın sığorta bazarına da təsirsiz ötüşməyib. 2015-ci ildə manatın devalvasiyasından sonra maliyyə sektorunda yaşanan dalğalanmalar sözügedən sektorda fəaliyyətini dayandıran sığorta şirkətlərinin sayını 8-ə çatdırdı. Buna baxmayaraq, Mərkəzi Bank tərəfindən sığorta bazarının genişləndirilməsi və onun dayanıqlığının təmin edilməsi ilə bağlı gördüyü tədbirlər sayəsində sığorta haqlarının artım tendensiyasına nail olundu. Belə ki, son 6 il ərzində sığorta haqlarının illik artım tempi 12,2 faiz olub. Müvafiq göstəricilər həyat sığorta sinifləri üzrə 15,7 faiz, qeyri-həyat sığorta sinifləri üzrə isə 5,6 faiz təşkil edib”, - deyə mərkəzin rəhbəri vurğulayıb.
Mərkəzi Bankın baş direktoru Ziya Əliyev çıxışında diqqətə çatdırıb ki, il ərzində Azərbaycan Mərkəzi Bankına 90 min sığorta hadisəsi üzrə vətəndaşlar tərəfindən 2700-2800 şikayət daxil olur. Müraciətlərin böyük qismini icbari sığorta, o cümlədən avtomobillərin icbari sığortası təşkil edir. Avtomobillərin icbari sığortası ilə bağlı zərərlərin birbaşa tənzimlənməsinin tətbiqi şikayətləri azaldıb. Yeni qayda tətbiq edildikdən keçən 9 ayda 40 mindən çox hadisə üzrə Mərkəzi Banka 75 şikayət daxil olub.
Z.Əliyev deyib ki, bu il Azərbaycanın sığorta bazarının həcmi 1,2-1,3 milyard manata qədər böyüyə bilər: "2019-cu ildə Azərbaycanda 650 milyon manat sığorta haqqı toplanılmışdı. 2023-cü ildə bu rəqəmin 1,2-1,3 milyard manat olması o deməkdir ki, son 4 il ərzində sığorta bazarı təxminən 2 dəfə böyümüş olacaq”.
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev qeyd edib ki, mediasiya mexanizmi ölkəmizdə artıq 2 ildən bir qədər artıqdır formalaşma və tətbiq mərhələlərini keçməkdədir. Mübahisələrin alternativ həlli üsulunun digər dünya ölkələri ilə yanaşı, bizim ölkəmizdə də təmin olunması sevindirici haldır. Bu mexanizmin tətbiqi üçün Mediasiya Şurası sistemli addımlar ataraq uğura nail olub. Maliyyə bazarı təmsilçiləri sırasında Mediasiya Şurası ilə ilk əməkdaşlıq quran məhz Azərbaycan Sığortaçılar Assosiasiyası olub. “Bu gün məhkəmə çəkişmələri əlavə zaman və maliyyə itkisi ilə yanaşı, bazar iştirakçılarının reputasiyasını bu və ya digər formada zədələyə bilir. Dövlət Statistika Komitəsinin hesabatına nəzər saldıqda bunu aydın şəkildə görə bilərik. Belə ki, sadəcə 2021-ci ildə iqtisadi fəaliyyət sahələri üzrə qeydə alınmış məhkəmə işlərinin sayı 1223 olub. Bunun da 564-də digər istisna sahələrlə yanaşı, sığorta sahəsi də yer alıb. Bu mənada qeyd etmək istəyirəm ki, mediasiya institutunun sığorta mübahisələrinin alternativ həlli mexanizmi kimi aktivləşdirilməsi həm bu sahədə məhkəmə işləri ilə bağlı 40 faizə yaxın olan faiz nisbətinin kiçilməsinə, həm mübahisələrin ədalətli həllinə, həm də sığortalılarda sığorta savadlılığının daha dərindən formalaşmasına zəmin yaradacaq”, - deyə ASA direktoru vurğulayıb.
Mediasiya Şurasının sədri Nadir Adilov çıxışında mediasiya mexanizminin üstünlüklərinə və özəlliklərinə toxunub, sığorta mübahisələrinin həllində mediasiyanın rolunun əhəmiyyətini qeyd edib.
Konfransda sığortaçılarla sığortalılar arasında mediasiya vasitəsilə barışıq təmin olunarkən növbəti mərhələdə tətbiq olunacaq barışıq sazişi nümunəsinin təqdimatı keçirilib.
Tədbir çərçivəsində sığortaçılarla mediatorlar arasında mövzu üzrə müzakirələr aparılıb.