Sığorta haqlarının tam məbləğdə köçürülməsinə nəzarət etmək mümkündür
Naxçıvan, 19 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özünün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir.
Fonddan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bunun üçün Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az), Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nmr.az) internet səhifəsinə və e.sosial.az saytına daxil olmaqla, “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə, hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları, həmçinin illər üzrə öz pensiya kapitalını izləyə bilər.
Qeyd edək ki, muxtar respublikada sığorta-pensiya sisteminin aparıcı tərkib hissəsi olan fərdi uçot sisteminin tətbiqinə 2006-cı ildən başlanılıb. Fərdi uçotun yaradılmasında əsas məqsəd, ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasıdır. Yəni, ödənilən məcburi dövlət sosial sığorta haqları fondda fərdi uçot sistemində açılan fərdi şəxsi hesablara işlənilir ki, gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürülür.