İQTİSADİYYAT
Sığorta savadlılığının artırılması bu sahədə məhkəmə mübahisələrinin azalmasına imkan verəcək
Bakı, 17 iyul, AZƏRTAC
Mediasiya mexanizmi ölkəmizdə artıq 2 ildən bir qədər artıqdır ki, formalaşma və tətbiq mərhələlərini keçməkdədir. Mübahisələrin alternativ həlli üsulunun digər dünya ölkələri ilə yanaşı, bizim ölkəmizdə də təmin olunması sevindirici haldır. Bu mexanizmin uğurla tətbiq olunması yönündə Mediasiya Şurası sistemli addımlar ataraq uğura nail olmuşdur. Maliyyə bazarı təmsilçiləri sırasında Mediasiya Şurası ilə ilk əməkdaşlıq quran məhz Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu barədə ASA-nın icraçı direktoru Elmar Mirsalayev deyib.
O bildirib ki, bu gün məhkəmə çəkişmələri əlavə zaman və maliyyə itkisi ilə yanaşı, bazar iştirakçılarının reputasiyasını bu və ya digər formada zədələyə bilir. Dövlət Statistika Komitəsinin hesabatına nəzər saldıqda bunu aydın şəkildə görə bilərik. Belə ki, sadəcə 2021-ci ildə iqtisadi fəaliyyət sahələri üzrə qeydə alınmış məhkəmə işlərinin sayı 1223 olub. Bunun da 564-də digər istisna sahələrlə yanaşı, sığorta sahəsi də yer alıb. Bu mənada qeyd etmək istəyirəm ki, mediasiya institutunun sığorta mübahisələrinin alternativ həlli mexanizmi kimi aktivləşdirilməsi həm bu sahədə məhkəmə işləri ilə bağlı 40 faizə yaxın olan faiz nisbətinin kiçilməsinə, həm mübahisələrin ədalətli həllinə, həm də sığortalılarda sığorta savadlılığının daha dərindən formalaşmasına zəmin yaradacaq.
"Danılmaz faktdır ki, cəmiyyətdə sığorta savadlılığının artırılması faktoru da bu sahədə məhkəmə çəkişmələrinin, mübahisələrinin azalmasına təkan verən başlıca amildir. Artıq 3-cü ildir ki, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu birgə memorandum çərçivəsində ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi işləri aparır. Hesab edirəm ki, gördüyümüz iş yaxın gələcəkdə bu sahədə mübahisələrin və anlaşmazlıqların azalmasına və aradan qalxmasına öz müsbət təsirini göstərəcək. Ümidvaram ki, aparılacaq müzakirələr də öz növbəsində sığorta-mediasiya əlaqələrinin sistemli təşkilinə əsaslı təkan verəcək", - deyə ASA-nın icraçı direktoru diqqətə çatdırıb.