Silahlı Qüvvələrin şəxsi heyətlə iş üzrə zabitlərinin xidməti müşavirəsi keçirilib
Bakı, 21 avqust, AZƏRTAC
Bakı və Sumqayıt qarnizonlarında yerləşən hərbi hissələrin, qoşun növlərinin və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlə iş üzrə zabitlərinin xidməti müşavirəsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirə iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hərbi şəhərcikdəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Müşavirəni Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev açaraq Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi ilə əlaqədar görülən işlər və şəxsi heyətlə iş üzrə zabitlərin qarşısında duran vəzifələrdən danışıb.
Tədbirdə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görülən işlər, hərbi intizamın təhlili və digər məsələlər barədə çıxışlar dinlənilib.
Yekunda general-mayor R.Əliyev zabitlərin suallarını cavablandırıb, onlara Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində tapşırıq və tövsiyələrini çatdırıb.
Xidməti müşavirənin iştirakçıları şəxsi heyətlə birlikdə nahar ediblər.
Digər hərbi qarnizonlarda da xidməti müşavirələrin keçirilməsi planlaşdırılır.