Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Bakı, 4 may, AZƏRTAC
Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə hərbi tibb fakültəsində elmi-praktiki konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin zabitləri, Azərbaycan Tibb Universitetinin müəllim heyəti və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransda əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov çıxış edərək Ordumuzun formalaşması və inkişaf tarixindən danışıb. N.Osmanov bildirib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyindən danışdıqda, tarixin bizə bəxş etdiyi dahi rəhbər və müdrik dövlət xadimi Heydər Əliyevin əvəzolunmaz xidmətlərini xüsusi vurğulamaq lazımdır. “Ali Baş Komandan İlham Əliyevin etimadını layiqincə doğrultmaq orduda xidmət edən hər kəsin vacib vəzifəsidir” - deyən general-leytenant N.Osmanov vurğulayıb ki, Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Prezidentin diqqət və qayğısı sayəsində Ordumuz bütün istiqamətlər üzrə sürətlə inkişaf edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədilə aparılan səmərəli işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Müdafiə Nazirliyi rəhbərliyinin iştirakı ilə Azərbaycan Ordusunun bütün birlik və birləşmələrində müxtəlif səviyyəli irimiqyaslı əməliyyat-taktiki təlimlər keçirilir ki, belə təlimlər Ordumuzun güc və qüdrətini nümayiş etdirir.
Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunmuş filmin nümayişindən sonra elmi-praktiki konfransın gündəliyinə daxil olan mövzular üzrə mühazirələr dinlənilib, müzakirələr aparılıb.