Şimali Makedoniya Respublikası Assambleyasının sədri Ədəbiyyat Muzeyində olub



Bakı, 19 iyun, AZƏRTAC
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasında iştirak etmək məqsədilə ölkəmizə gəlmiş Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi nümayəndə heyəti ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Qonaqlar Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovla görüşüblər. Muzeyin tarixi, ekspozisiyaları və Azərbaycan ədəbiyyatının zəngin irsi ilə tanış olan qonaqlar klassik ədəbiyyat nümunələrinin və görkəmli söz ustadlarının həyat və yaradıcılığını əks etdirən eksponatları maraqla qarşılayıblar. Həmçinin görüş zamanı Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi Azərbaycanın mədəni irsinin qorunması və təbliği istiqamətində aparılan işləri yüksək qiymətləndirib. Azərbaycan xalqının ədəbiyyata və söz sənətinə göstərdiyi böyük ehtiramı xüsusi vurğulayaraq bildirib ki, bu mədəniyyət ocaqları xalqlar arasında qarşılıqlı anlaşma və mədəni dialoqun möhkəmləndirilməsi üçün mühüm körpüdür.
Qonaqlar muzeyin eksponatları ilə Ekspozisiya müdiri Tomiris Babanlının təqdimatında tanış olublar.
Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi muzeyin rəylər və təəssüratlar kitabına ürək sözlərini yazaraq Ədəbiyyat Muzeyində gördüklərindən məmnunluğunu, Azərbaycan ədəbiyyatının böyüklüyü və dərin mənəvi kökləri barədə daha geniş təsəvvür əldə etdiyini qeyd edib.
Sonda akademik Rafael Hüseynov qonaqlara müəllifi olduğu nəşrləri – “Ədəbiyyat Muzeyinin xalçaları”, “Şirvan şairləri”, Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığından bəhs edən “Sabirin saatı” və Mehdi Hüseynzadəyə həsr edilmiş “İki xalqın övladı” kitablarını hədiyyə edib.