“Şimşək” komandası futzal üzrə “Payız turniri”ni birinci pillədə başa vurub
Bakı, 27 noyabr, AZƏRTAC
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.
AZƏRTAC AFFA-nın saytına istinadən xəbər verir ki, turnirin qalibi “Şimşək” komandası olub. “Zirvə” ikinci, “Azəri” isə üçüncü yeri tutub.
“Zirvə” komandasından Şövkət Əskərov ən yaxşı qapıçı, “Azəri”dən Rüfət Yusifov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu 18 qol vuran “Şimşək” komandasının üzvü Tural Muxtarov olub.