SİQARETÇƏKMƏ XXI ƏSRDƏ PLANETİMİZİN 1 MİLYARD SAKİNİNİ ÖLDÜRƏCƏK
Konfransda dünya ictimaiyyətinin diqqətini onkoloji xəstəliklər və onların səbəbləri ilə mübarizəyə cəlb etmək üçün nəzərdə tutulan iki vacib nəşr - Xərçəng Atlası və Siqaretçəkmə Atlası təqdim olunmuşdur. Geniş auditoriya üçün nəzərdə tutulan bu irihəcmli məlumat kitabları Dünya Səhiyyə Təşkilatının, Amerika Onkologiya Cəmiyyətinin və Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin dəstəyi ilə ingilis, fransız, ispan və Çin dillərində nəşr edilmişdir. Konfrans iştirakçılarının fikrincə, onkoloji xəstəliklərin dünyada yayılması sürətinin azaldılmasının başlıca yolları siqaretçəkmə və onkogen infeksiyalar ilə mübarizə aparmaq, habelə əhalinin qidalanmasını yaxşılaşdırmaqdır. Ekspertlərin hesablamalarına görə, siqaretçəkmənin doğurduğu vaxtındanqabaq ölümlərin ümumi sayı XXI əsrdə 1 milyard nəfərə çatacaqdır ki, bu da ötən əsrlə müqayisədə 10 dəfə çoxdur. Belə artım sürəti siqaretçəkmənin populyarlığı ilə deyil, planetimizin əhalisinin çoxalması ilə bağlıdır. Çünki buna müvafiq olaraq, siqaretçəkənlərin də sayı artır. Hazırda bu problem Cənub-Şərqi Asiyada və xüsusilə Çində daha kəskin şəkil almışdır. Dünyada çəkilən hər üç siqaretdən biri Çinin payına düşür. Vəziyyət dəyişməsə, ağciyər xərçəngi və digər xəstəliklər yaxın onillikdə Çinin səhiyyə sistemini çökdürəcəkdir.
Amerika Onkologiya Cəmiyyətinin icraçı direktoru Con Seffrin demişdir ki, onkoloji xəstəliklər və siqaretçəkmə problemi, “Böyük səkkizlik” ölkələrinin zirvə görüşünün diqqət mərkəzində olmasına baxmayaraq, tədbirin gündəliyinə daxil edilməmişdir. Siqaretçəkmə Atlasına əsasən, hazırda dünyada 1,25 milyard siqaretçəkən var.