Siyasi ekspert: Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri sayəsində tarixi torpaqlarımıza qovuşmuşuq
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan xalqının 2003-cü ildə etdiyi seçim nəticə etibarilə ona gətirib çıxardı ki, biz bu gün artıq Şuşada və işğaldan azad edilmiş digər torpaqlarımızda bayrağımızın dalğalandığını müşahidə etməkdəyik. Bu da təsadüfi deyil. Həqiqətən də Prezident İlham Əliyev kifayət qədər yüksək liderlik keyfiyyətləri nümayiş etdirdi və bunun sayəsində biz tarixi torpaqlarımıza qovuşmuşuq. Ümumiyyətlə, şahidlik etdiyimiz hadisələr və gəldiyimiz qənaət ondan ibarətdir ki, 2003-cü ildən bəri Prezident İlham Əliyev həqiqətən də Azərbaycan xalqının o müqəddəs anını yaxınlaşdırmaqla məşğul olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Azər Həsrət bildirib.
O qeyd edib ki, istər daxili, istərsə də xarici siyasətdə bəzi amilləri uyğunlaşdırmaqla uzlaşdırmaq lazım idi. Burada, əlbəttə ki, ümumxalq dəstəyinin və milli vətənpərvərlik ruhunun daim yüksək olması çox vacib məsələ idi. Eyni zamanda, beynəlxalq platformalarda Azərbaycanın mövqelərinin mümkün qədər möhkəmləndirilməli idi. Prezident İlham Əliyev bu amillər üzərində o qədər ustalıqla işlədi ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı vahid bir yumruq kimi düşmənə zərbə endirdi.
“Vətən müharibəsi zamanı beynəlxalq qurumlar, xarici təşkilatlar, dünyanı idarə edən böyük güclər Azərbaycana qarşı ciddi tədbirlər görmədi. Yəni, biz əvvəlki illərdə həmişə Azərbaycana qarşı addımlar atıldığını, üzərimizə gəlindiyini müşahidə etmişdik. Ermənilərin istənilən istəyi bizdən daha çox dəstək görürdü, hətta haqsız istəkləri də. Amma ötənilki müharibə zamanı dünyanın böyük gücləri bunu etmədilər. Çünki Prezident İlham Əliyev yüksək diplomatik bacarığı sayəsində bütün bu cəhdləri vaxtında zərərsizləşdirməyi bacarmışdı. Nəticədə indi bayrağımız Şuşa da daxil olmaqla, işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Azərbaycanın ərazi bütövlüyü və dövlət sərhədlərinin tamlığı təmin edilib. Ermənistan və İranla uzun illərdir nəzarətimizdə olmayan sərhədimizə artıq özümüz nəzarət edirik. Bütün bunlar bir daha Prezident İlham Əliyevin həm dövlət rəhbəri, həm siyasi xadim, həm də Müzəffər Ali Baş Komandan kimi bacarıqlarının, səriştəsinin təsdiqidir”, - deyə Azər Həsrət əlavə edib.