Siyası fəal: Haqq tələbimiz yerinə yetirilənə qədər mübarizəmiz davam edəcək
Şuşa, 13 dekabr, AZƏRTAC
Artıq ikinci gündür ki, qarlı-şaxtalı havaya baxmayaraq Şuşa-Laçın yolunda etiraz aksiyasını davam etdiririk. Bizim tələbimiz haqdır və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazımızı bildiririk. Nə qədər ki, tələblərimiz yerinə yetirilməyib, biz bu aksiyanı dayandırmayacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri bir qrup azərbaycanlı ekoloqun, QHT nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Laçın-Şuşa yolunda təşkil edilən etiraz aksiyasının iştirakçısı, siyası fəal Həcər Abbaslı deyib.
Aksiya iştirakçısı daha sonra bildirib: “Soyuq hava şəraiti və saatlarla ayaq üstə dayanmaq bizi nə yora, nə də usandıra bilməz. Təəssüf ki, qarşı tərəf susqunluq nümayiş etdirir və dünəndən bəri davam edən haqq səsimizə cavab verən yoxdur. Lakin cavab alınmayana qədər mübarizəmizi davam etdirəcəyik. Biz buradan haqq səsimizi qaldıraraq ekoloji terrora, torpağımızın sərvətlərini talan edib ona sahib çıxmaq istəyənlərə, soyğunçulara, başqasının sərvətinə yiyələnənlərə qarşı ucaldır və bu ədalətsizliyə son qoyulmasını tələb edirik”.