ŞKTC mediası Şuşa Zirvə görüşünün Kipr türkləri üçün əhəmiyyətindən yazır
Ankara, 12 iyul, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünün mövzusu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ictimaiyyətinin və mediasının gündəmindən düşmür.
AZƏRTAC xəbər verir ki, TDT-nin Zirvə görüşünün ŞKTC-nin maraqları üçün əhəmiyyətindən bəhs edən növbəti məqalə iyulun 12-də “Kıbrıs Gazetesi” nəşrində dərc olunub.
“Şuşada TDT zirvəsi - 2” sərlövhəli məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən tədbirin Kipr türklərinin hüquq və mənafelərinin təmin olunmasına verdiyi töhfədən bəhs edilir.
Müəllif diqqəti ŞKTC liderinin erməni işğalından azad edilmiş Xankəndi şəhərinə səfər etməsi faktına yönəldib. “Ersin Tatar Xankəndiyə səfər edən ilk xarici lider oldu”, - deyə nəşr yazır.
Məqalədə Türkiyənin vitse-prezidenti və xarici işlər nazirinin Şuşadakı çıxışlarına da diqqət çəkilir, burada digər məsələlər ilə yanaşı, Ankaranın Kiprdəki problemlərin həllində “iki dövlət” ideyasını dəstəkləmək əzmi vurğulanır.
Müəllif ümidvar olduğunu bildirir ki, ŞKTC nümayəndə heyətinin Bişkekdə keçiriləcək TDT Zirvə görüşündə iştirakı da Şuşadakı kimi yüksək səviyyədə təşkil olunacaq.
Məqalənin müəllifi Gökhan Güler Avropa İttifaqının tənqidlərinə baxmayaraq, Lefkoşanın iştirakı ilə keçirilən TDT-nin Zirvə görüşündə iştirak edən Macarıstanın Baş naziri Viktor Orbana təşəkkürünü bildirir. O vurğulayır ki, türk Kiprinin əleyhdarları nə qədər çalışsalar da, Lefkoşa öz inkişaf yolunda inamlı addımlar atmağa davam edəcək”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara