Sloveniyada daşqın nəticəsində ölənlərin sayı 6-ya çatıb
Bakı, 7 avqust, AZƏRTAC
Sloveniyanın mərkəzində, şimal, şərq və qərb bölgələrində sel nəticəsində həyatını itirənlərin sayı 6-ya yüksəlib.
AZƏRTAC Sloveniya Xəbər Agentliyinə (STA) istinadla xəbər verir ki, avqustun 7-də ölkənin Mirna Peç bələdiyyəsinin İvanja kəndi ərazisindən keçən Temenica çayında kişi meyiti tapılıb.
Cəsədin sel ilə mübarizə zamanı lağıma düşərək yoxa çıxan 35 yaşlı şəxsə məxsus olduğu açıqlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge əvvəllər tviter kimi tanınan “X” sosial media platformasında Sloveniyada baş verən son daşqınla bağlı paylaşım edib.
Dağıdıcı daşqınlar nəticəsində insan tələfatı ilə bağlı Sloveniyaya başsağlığı verdiyini bildirən Kluge əlavə edib ki, Avropada bir vaxtlar qeyri-sabit hava şəraiti yeni normal halına gəlib. O, iqlim böhranının sağlamlığa təsirləri ilə mübarizədə ölkələri dəstəklədiklərini vurğulayıb.
Qeyd edək ki, Sloveniya polisi avqustun 4-də baş verən daşqın nəticəsində 5 nəfərin öldüyünü bildirmişdi.
Sloveniyanın Ətraf Mühit Agentliyi də leysan yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildiyini açıqlayıb və insanlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edib.
Sloveniyanın Baş naziri Robert Qolob bəyan edib ki, daşqının ölkəyə vurduğu ziyan 500 milyon avronu keçə bilər.