SOCAR ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.
SOCAR-ın bilavasitə təşəbbüsü və aparılan uğurlu danışıqların nəticəsində dünyanın qlobal texnologiya şirkəti olan “Microsoft” ilə əməkdaşlıq sənədinin imzalanması SOCAR-la yanaşı, ümumilikdə ölkə üzrə innovativ mükəmməlik mərkəzinin yaradılmasına əlverişli zəmin yaradacaq. Beləliklə, “Microsoft” bundan sonra Azərbaycandakı fəaliyyətini daha da genişləndirəcək.
Qeyd edək ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası”nda enerji təhlükəsizliyi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma, enerji keçidi kimi 5 təməl element üzrə şirkətin hədəfləri və onlara çatma yolları müəyyən edilib.
Bu xüsusda “Microsoft” şirkəti ilə imzalanan memorandum şirkətin uzunmüddətli strategiyasının tərkib hissəsidir və SOCAR-ın müəssisələrində təmiz, rəqəmsal və innovativ texnologiyaların tətbiqi ilə əməliyyat modelinin müasirləşdirilməsinə, texniki və texnoloji əməliyyatların daha səmərəli həyata keçirilməsinə, biznes dayanıqlılığının gücləndirilməsinə və yüksəkixtisaslı kadr potensialının inkişafına dəyərli töhfə verəcək.