SON MƏNZİLƏ
Mərhumun cənazəsi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin qarşısına unudulmaz sənətkarın layiq görüldüyü orden və medallar, ətrafına isə Azərbaycan Prezidenti adından, Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, dövlət və hökumət təşkilatları, o cümlədən Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, digər kollektivlərin adından əklillər düzülmüşdü.
Mərhumun həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət, elm xadimləri teatrın binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.
Salonda həzin matəm musiqisi səslənirdi. Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm, incəsənət və mədəniyyət xadimləri cənazənin yanında fəxri qarovulda dayanırdılar.
Matəm mitinqini Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev açaraq, mərhumun həyat və yaradıcılığından, ölkəmizdə kinonun inkişafında əvəzsiz xidmətlərindən, çəkdiyi maraqlı filmlərdən söz açdı. Bildirdi ki, dünya kinematoqrafının ənənələrindən ustalıqla faydalanan Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi əmək fəaliyyətinə başlayan sənətkarın ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində xüsusi rolu olmuşdur.
Natiq vurğuladı ki, Azərbaycan kinematoqrafiyasında artıq istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən 70-ci illərindən etibarən kinorejissor kimi fəaliyyət göstərməyə başlamış, bununla da Azərbaycan kino sənəti ənənələrinin zənginləşdirilməsində böyük əmək sərf etmiş, yeni-yeni uğurlar qazanmışdır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Neymətov, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, “Azərbaycanfilm” kinostudiyasının direktoru, xalq artisti Xamis Muradov bildirdilər ki, Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirmişdir. Onun yaratdığı kino və televiziya filmləri beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülmüş, sənətşünaslar və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Matəm mərasimində çıxış edənlər Rasim Ocaqovun yüksək insani keyfiyyətlərindən, sənətkarlıq məharətindən danışdılar. Bildirildi ki, var qüvvəsini milli kino sənətimizin tərəqqisinə sərf etmiş rejissorun xidmətləri yüksək qiymətləndirilmiş, müxtəlif dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür.
Mərhumun ailəsi adından Altay Həsənov çıxış edərək bildirdi ki, kino sənətinin inkişafında Rasim Ocaqovun xidmətləri ulu öndərimiz Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Bu yüksək qiymətə görə minnətdarlığını bildirən A.Həsənov matəm mərasiminin iştirakçılarına da təşəkkür etdi.
Rasim Ocaqovun ailə üzvləri, qohumları mərhumla vidalaşdılar.
Matəm mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və başqa rəsmi şəxslər iştirak edirdilər.
X X X
Xalq artisti Rasim Ocaqovun cənazəsi teatrın binasından qaldırılaraq İkinci Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük sənətkar, əsil vətəndaş və qayğıkeş insan Rasim Mirqasım oğlu Ocaqovun cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!