İQTİSADİYYAT
Sosial-iqtisadi inkişaf strategiyasında edilən dəyişiklik yüksək iqtisadi artıma təkan verəcək – Şərh
![Sosial-iqtisadi inkişaf strategiyasında edilən dəyişiklik yüksək iqtisadi artıma təkan verəcək – Şərh](/files/2023/2/1200x630/16913941185830215437_1200x630.jpg)
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti 2023-cü il 4 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri Təranə Salıfova bu dəyişiklikdən irəli gələn məsələləri AZƏRTAC-a şərh edərək bildirib ki, davamlı və yüksək iqtisadi artımın təmin olunmasına xidmət edən dəyişikliyə əsasən, Strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir.
T.Salıfova qeyd edib ki, dəyişiklikdən əvvəl müvafiq göstəricilər ümumi dövlət borcunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyevin 2023-cü il 11 iyul tarixində keçirilmiş cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də qeyd etdiyi kimi, ötən dövr ərzində qoyulmuş hədəfə nail olunub, xarici dövlət borcumuz 6,7 milyard dollar təşkil etməklə ÜDM-in təxminən 10 faizini təşkil edib: “Müvafiq dəyişikliklərdən irəli gələrək cari ilin ikinci yarısı üzrə strategiyada nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorlarının illər üzrə bölgüsünü müəyyən edən İndikator cədvəli yenidən nəzərdən keçirilməklə aralıq və yekun nəticə indikatorlarında da müvafiq dəyişikliklər öz əksini tapacaq”.
Yuxarıda qeyd etdiyimiz dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə öz əksini tapıb.
Bununla yanaşı, Çərçivə sənədində bir sıra əlavə dəyişikliklər də edilib. Belə ki, xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədlərindən irəli gələrək prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün 5 milyard ABŞ dollarınadək xarici borcun cəlb edilə biləcəyi qeyd olunub. Bu səbəbdən xarici dövlət borcunun ÜDM-yə nisbəti göstəricisi (10 faiz) xarici dövlət borcunun nominal ifadədə təsbit olunan yuxarı hədd göstəricisi (10 milyard ABŞ dolları) ilə əvəz olunub.
“Yeni dəyişikliyə əsasən, 2025-ci ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolları məbləğində, yəni ÜDM-in 10,7 faizi həcmində olması gözlənir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi səbəbindən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir”,- deyə sektor müdiri diqqətə çatdırıb.