Sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib







Bakı, 18 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Agentliyin tabeliyində olan Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri də iştirak edib.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov müəssisə sakinlərini bayram münasibətilə təbrik edib və bildirib ki, həssas əhali qruplarından olan vətəndaşlarımız daim dövlətin xüsusi qayğısı ilə əhatə olunur. Onların sosial təminatı, sosial xidmətlərlə əhatə olunması istiqamətində mühüm addımlar atılır.
Agentliyin müəssisələrində yaşayan və xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə bu kimi tədbirlərin əhəmiyyətinin böyük olduğu vurğulanıb.
Tədbir 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin tərəfindən hazırlanan səhnəciklər, rəqslər və musiqili ədəbi-bədii kompozisiya ilə davam edib.